Taleyin qisməti rast saldı bizi
Yolumuz hardasa qırılacaqdı
İtirəcəyiksə bir-birimizi
Xatirəm yadında qalmayacaqsa
Bu əllər mənim olmayacaqsa
Bu tellər mənim olmayacaqsa
Sən ALLAH, özünə öyrətmə məni
Hicran qorxusuyla göynətmə məni
Əlini əlimə öyrətmə belə
Üzümü üzünə öyrətmə belə
Gözümü gözünə öyrətmə belə
Mən bir az çiçəkli budaq kimiyəm
Bir az da kövrəyəm, uşaq kimiyəm
Ləylək yuvasına uyuşan kimi
Ana balasına qovuşan kimi
Eh, mən də insana tez yovuşuram
Sevgi atəşində tez alışıram
Amma sönməyim çox çətin olur
Sevgidən dönməyim çox çətin olur
Bəlkə gözləmirdik bu xoş görüşü
Yaman qəribədir düynanın işi
Heç vaxt yollarında dayanmayacağın
Heç həndəvərində dolaşmayacağın
Gəlir birdən Sənə ən Şirin olur
Ömrünün içində ömür doğulur
Bu şirinim acı olacaq isə
Bu qismət çiçəyim solacaq isə
Öyrətmə özünə, öyrətmə məni
cənnətdən qovulan
Babası cənnətdən qovulan gundən,
Zülmə-zillətə sipərdir insan.
Elə şirindir ki, yaşamaq eşqi,
Həvəsə,tamaha nökərdir insan.
Biri vicdanıyla şöhrətə çatır,
Biri vicdanını şöhrətə satır
Ürəyində neçə gizli sirr yatır
Qapısı bağlı bir şəhərdir insan.
Nifrətlə məhəbbət qoşadır onda,
Kin ilə istəyi yaşadır onda.
Yaxşı-pis ayaqdan- başadır onda,
Kim bilir,neçə cür təhərdir insan.
Qəmkeş, bil ki, insan qəlbi sirlidir,
Bu dünyanın altı üzlü zəridir .
Ağılda Allahdan bir az beridir,
Əməldə şeytandan betərdir insan..
Müəllif:Qəmkeş Allahverdi.
Bir sevda ağlayır içimdə mənim
Gəl dedim, köksümə yaralı düşdü
Əl açdım, əllərim aralı düşdü
Ona bu ağ dünya qaralı düşdü
Bir sevda ağlayır içimdə mənim
Qədri bilinmədi, ömrü qırıldı
Həsrət boyun bükdü, hicran yoruldu
O hər gün incidi, hər gün vuruldu
Bir sevda ağlayır içimdə mənim
Min gül solduranlar, min gül dərdilər
Yüngül çiçəkləri yüngül dərdilər
Mən ürək açanda baxıb gördülər
Bir sevda ağlayır içimdə mənim
Dünəni bükülü xatirəsinə
Vurğundur bu günü xatirəsinə
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim
Bacara bilmədim özüm-özümlə
Dil tapa bilmədi işim sözümlə
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə
İtmiş qaş-daşıyam o məhəbbətə
Özüm baş daşıyam o məhəbbətə
Bir sevda ağlayır içimdə mənim
Gec oldu qədrini mən biləndə də
Sevinci yaşayıb, qəm böləndə də
Üzümə baxmayın mən güləndə də
Bir sevda ağlayır içimdə mənim
Nusrət Kəsəmənli