Bir sevda ağlayır içimdə mənim
Gəl dedim, köksümə yaralı düşdü
Əl açdım, əllərim aralı düşdü
Ona bu ağ dünya qaralı düşdü
Bir sevda ağlayır içimdə mənim
Qədri bilinmədi, ömrü qırıldı
Həsrət boyun bükdü, hicran yoruldu
O hər gün incidi, hər gün vuruldu
Bir sevda ağlayır içimdə mənim
Min gül solduranlar, min gül dərdilər
Yüngül çiçəkləri yüngül dərdilər
Mən ürək açanda baxıb gördülər
Bir sevda ağlayır içimdə mənim
Dünəni bükülü xatirəsinə
Vurğundur bu günü xatirəsinə
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim
Bacara bilmədim özüm-özümlə
Dil tapa bilmədi işim sözümlə
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə
İtmiş qaş-daşıyam o məhəbbətə
Özüm baş daşıyam o məhəbbətə
Bir sevda ağlayır içimdə mənim
Gec oldu qədrini mən biləndə də
Sevinci yaşayıb, qəm böləndə də
Üzümə baxmayın mən güləndə də
Bir sevda ağlayır içimdə mənim
Nusrət Kəsəmənli